"Xankəndi" futbol klubu qış fasiləsindən sonra fəaliyyətini doğma şəhərində davam etdirməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əsas hədəflərdən biri komandanın gündəlik fəaliyyətini Xankəndidə təşkil etmək və şəhərin idman həyatına inteqrasiya olunmaqdır.
Hazırda futbolçular və məşqçilər heyəti zəruri infrastruktur tam formalaşmadığı üçün Bakıda məskunlaşıblar. Bu səbəbdən komanda hələlik oyunlarda iştirak etmək üçün Xankəndiyə səfər edəcək.
Klub rəhbərliyi komandanın doğma yerdə yerləşməsi üçün Xankəndi şəhər nümayəndəliyi ilə əlaqələr qurmağı, uyğun binanın müəyyənləşdirilməsi və maddi-texniki bazanın yaradılması istiqamətində işlər aparmağı planlaşdırır.
İlkin plana əsasən, təşkilati və infrastruktur məsələləri həll olunduqdan sonra komandanın qış fasiləsindən sonra Xankəndiyə köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq vaxtı isə müvafiq şəraitin yaradılmasından asılı olacaq.
Klubun məqsədi yalnız ev oyunlarını Xankəndidə keçirmək deyil, həm də gündəlik fəaliyyətini şəhərdə qurmaq və bölgədə futbolun inkişafına töhfə verməkdir.