“Moskvadakı yarışa getməməyim ailəmdə yaranan problemlə bağlıdır”.
Bunu Oxu.Az-a açıqlamasında kişilərdən ibarət karate millimizin baş məşqçisi Qurban Tağıyev deyib.
O, 1-3 oktyabr tarixlərində Moskvada keçiriləcək Premyer Liqa yarışına yollanmamasını atasının durumu ilə əlaqələndirib:
“Atam ağrıyır. Səhhəti yaxşı deyil. Bu səbəbdən də atamın yaşadığı Gəncəyə gəlmişəm”.
O, Tokio Olimpiadasının iştirakçısı Firdovsi Fərzəliyevin Moskvadakı yarışa getməməsini isə çəki problem ilə əlaqələndirib:
“O həmişə 60 kq çəki dərəcəsində yarışırdı. Artıq yaş özünü göstərir, hər dəfə çəkini 60 kq-a salmaq çətin olurdu, özünü yaxşı hiss etmirdi. Bu səbəbdən də bundan sonra 67 kq çəki dərəcəsində yarışmaq istəyir. Ancaq o bu il əvvəlki Premyer Liqa yarışlarında 60 kq-da çıxış etdiyindən, qaydalara görə 67 kq-da yarışa bilməzdi. Ona görə də Moskvaya getmədi. İndi 67 kq-da onunla Rafiz Həsənov və Tural Ağalarzadə arasında rəqabət gedəcək”.
Məşqçi Ayxan Mamayevin karyerasını erkən bitirməsinə isə belə münasibət bildirib:
“Həmişə demişəm ki, Ayxan istedadlı karateçidir. Özü ilə danışmışam. Deyib ki, hələ kənarda qalmaq istəyirəm. Mən də çox üzərinə getmək istəmədim. Bu onun öz şəxsi istəyidir, buna hörmətlə yanaşmalıyıq. O bir az tez incik düşən idmançıdır”.
Səbuhi Musayev