Mərkəzləşdirilmiş Kredit Reyestri yanvar ayının göstəricilərini açıqladı.
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il fevralın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 342 min 233 nəfər kredit götürən şəxs (borc alan) var. Bu isə ümumi əhalinin 26%-ni təşkil edir.
Oxu.Az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda qeyd olunur ki, onların böyük hissəsi 2 milyon 310 min 615 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır. 10 822 nəfəri hüquqi şəxsdir, 20 min 796 nəfəri isə sahibkarlıq subyektidir. Zamin şəxslərin sayı isə son bir ayda (2014-cü il dekabr, 2015-ci il yanvar) 4 798 nəfər artaraq 1 milyon 083 min 605 nəfər olub.
Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.