Azərbaycan Respublikasının Nazirlər Kabineti 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Prezidentə vaxtında təqdim edilməsi məqsədi ilə 2014-cü il yanvarın 30-da sərəncam qəbul edib.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin sözügedən sərəncamının mətni rəsmi mətbuatda dərc olunub.
Məlumata görə, bütün sənədlər 2014-cü il sentyabrın 15 qədər təqdim olunmalıdır.
Sərəncamda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2014-cü il sentyabrın 10-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi müvafiq sərəncam ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində təqdim etməlidir.
Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2013-cü ilin ilkin statistik məlumatlarını 2014-cü il fevralın 5-dək təqdim etməlidir.
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2014-cü il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2014-cü il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu öz büdcə layihələrinin ilkin variantını 2014-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2014-cü il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Maliyyə Nazirliyi büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2014-cü il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2014-cü il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2014-cü il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2014-cü il iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyi “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun layihələrinin ilkin variantını 2014-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2014-cü il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsinin mədaxil hissəsi 18,384 mlrd. manat, məxaric hissəsi isə 20,063 mlrd. manat məbləğində nəzərdə tutulub.
Gülnarə Zeynalova
www.oxu.az