Avropa komissiyası Avropanın cənubi-şərqinin qaz ilə təminatının dörd variantını nəzərdən keçirib. Bu variantlar “Cənub axını” layihəsinin ləğvindən sonra Rusiya qazından tam imtina edilməsə də, heç olmasa çatdırmaların diversifikasiyasına imkan verəcək.
Oxu.Az bu barədə “Komersant”a istinadən xəbər verir.
Brüssel iki interkonnektor quraraq, Yunanıstanı, Bolqarıstan və Serbiyanı Azərbaycan qazı ilə, Macarıstan və Sloveniyanı isə gələcək Xorvatiya terminalından olan qazla təmin etməyi təklif edir.
Amma elan edilən qaz mənbələri lazımi qaz tədarükünün həcmini təmin edə bilməyəcək, bundan başqa maliyyələşdirmə ilə problemlər yaranacaq.
Azərbaycan 2025-ci ildən sonra Avropaya çatdırılan qazın həcmini 10 milyard kubmetr artırmağı planlayır.
Xorvatiyada terminalın inşasının müzakirəsi beş ildir ki, davam edir. Belə ki, investisiya qərarı sərmayəçilərin layihənin özünü doğrultmasına şübhə ilə yanaşması ucbatından qəbul edilməyib.
Avropa komissiyası prioritet qaz layihələrinə AYİB və Avropa investisiya bankının inşaat üçün sərmayənin cəlb edilməsində “əsas dəstəyi” vəd edir, amma dəqiq maliyyələşdirmə strukturu məlum deyil və gələn ilin sonuna qədər işlənib hazırlanmalıdır.
Mütəxəssislərin fikrincə, bu layihələrdən bəziləri, məsələn, Yunanıstan-Bolqarıstan-Serbiya kimi “Türk axını” layihəsinin realizəsi zamanı “Qazprom” istifadə edə bilər.