Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu artırılır.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sözügedən rüsumun 70 manat olması təklif olunur.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, sözügedən məbləğ 50 manatdır.
Həmçinin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə olunur. Bu dəyişiklik su bioresurslarının idarə olunması sahəsində dövlət nəzarətinin sistemli şəkildə gücləndirilməsinə xidmət edir və eyni obyekt üzərində həyata keçirilən fəaliyyət növləri - təbii resursların istismarı və süni yetişdirilməsi - arasında fərqli hüquqi rejimi aradan qaldıraraq vahid və ardıcıl tənzimləmə modeli formalaşdırır.
Mövcud vəziyyətdə balıqçılıq sahəsində təbii bioresurslardan istifadə icazə mexanizmi ilə tənzimləndiyi halda, akvakultura fəaliyyəti yalnız qeydiyyat proseduru ilə məhdudlaşırdı. Halbuki akvakultura yalnız təsərrüfat fəaliyyəti deyil, su ehtiyatlarından istifadə, ekosistemə müdaxilə və bioloji balansın dəyişdirilməsi ilə müşayiət olunan kompleks fəaliyyətdir. Təklif edilən dəyişiklik dövlət nəzarətini sonrakı mərhələdən ilkin (preventiv) mərhələyə keçirir və potensial risklərin əvvəlcədən müəyyən olunmasına imkan yaradır. Beynəlxalq təcrübə, xüsusilə FAO tərəfindən müəyyən edilən prinsiplər də bu yanaşmanı dəstəkləyir.