Analitiklərin proqnozlarına görə, TAP (Trans Adriatic Pipeline) qaz kəmərinin çəkilməsi layihəsinin həyata keçirilməsi üçün Albaniyada yol infrastrukturunun yaxşılaşdırılması 2016-cı il ərzində başa çatacaq.
Oxu.Az albania-news.ru saytına istinadən xəbər verir ki, müvafiq işlər cari ilin əvvəlində başlayıb və 51 kilometr yeni yolun salınmasını, 41 kilometrdən artıq mövcud magistralın, eləcə də 42 körpünün bərpa olunmasını nəzərdə tutur.
Əsas planda Fieri və Bilişa yaxınlığında iki kompressor stansiyasının yaradılması nəzərdə tutulur.
2016-cı ilin ikinci yarısında investisiya layihəsinin ikinci mərhələsi – Albaniya ərazisində qaz kəmərinin birbaşa çəkilməsi başlayacaq. Təşəbbüsün iştirakçıları qeyd edirlər ki, artıq 2017-c ildə TAP-ın sayəsində Albaniyannı ÜDM-si 500 milyon avro artacaq.
TAP qaz kəməri ilə Türkiyədən keçərək Azərbaycandan İtaliyaya, Yunanıstana və Albaniyaya karbohidrogen nəql ediləcək. Layihənin sona çatması 2020-ci il üçün nəzərdə tutulub. Ekspertlərin sözlərinə görə bu layihənin Qartallar ölkəsinin iqtisadiyyatına təsiri böyük olacaq.