Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarında dəyişiklik edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərin edilməsi alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutur.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən əlavə dəyər vergisindən azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.
Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir.