Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat AMB-nin mətbuat xidmətindən verilib.
İclasda çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib ki, ölkəmiz adambaşına düşən ümumu daxili məhsulun (ÜDM) həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olub.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumunda Azərbaycan ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir.
“Ötən il əlamətdar hadisələrdən biri də Azərbaycanın dünyada 40 rəqabətli ölkə arasında yer alması olub”.
E.Rüstəmov qeyd edib ki, 2013-cü ildə ölkənin xarici iqtisadi mövqeyi daha da möhkəmlənmiş, ilkin qiymətləndirməyə görə ixracın həcmi 30 mlrd. ABŞ dollarını, tədiyyə balansının cari hesabında profisit isə 10 mlrd. ABŞ dollarını ötüb.
“Ötən il ölkə iqtisadiyyatı 5,8% artım nümayiş etdirib. Qeyri-neft iqtisadiyyatında artım 10% təşkil edib”.
AMB-nin başçısı xüsusilə qeyd edib ki, 2013-cü ildə aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq nail olunub.
“2013-cü ildə orta illik inflyasiya Mərkəzi Bankın hədəflədiyi diapazonun ortadan aşağı həddində – yəni 2,4% olub”.
Həmçinin qeyd edilib ki, elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb.
Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilində 21% artaraq 14,2 mlrd. ABŞ dollarına çatıb.
Gülnarə Zeynalova
www.oxu.az