2015-ci ilin əvvəlində baş vermiş manatın məzənnəsinin korreksiyası ilə bağlı əhali tərəfindən banklarda olan manat yığımlarının xarici valyutaya, əsasən ABŞ dollarına konvertasiyası nəticəsində ilk dəfə olaraq əhalinin manatla əmanətləri rüb ərzində 39% (1725 milyon manat) azalıb.
Oxu. Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin yanvar-mart aylarının nəticələri üzrə maliyyə sabitliyi icmalında deyilir.
“Xarici valyutada olan əmanətlərin miqdarı isə 38% (1323 milyon dollar) artıb” - deyə, bank qeyd edir.
AMB bildirir ki, dollarla olan depozitlərin miqdarında da artım müşahidə olunub:
“Qeyri-maliyyə korporativ sektorun manatla depozitləri cari ilin I rübü ərzində 23% (501 milyon manat) azalıb, xarici valyutada olan depozitlər isə 25% (580 milyon dollar) artıb.
Beləliklə də, bank sektoru üzrə cəmi depozit və əmanətlərin strukturunda xarici valyutada olan vəsaitlərin payı 70%-ə çatıb”.
Bununla belə bank bildirir ki, 2014-cü ildə isə manatla əmanətlər 13.4%, ümumi əmanətlərin 61%-ni təşkil edib.
Xatırladaq ki, valyuta bazarında baş verən prosesləri nəzərə alaraq, fevralın 21-də AMB -in qərarı ilə, ABŞ dollarının manata qarşı məzənnəsi 1.05 manat AZN səviyyəsində müəyyən edildi.
Ülviyyə R. Əli
www.oxu.az