Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB) özəl sektoru dəstəkləməkdə daha fəal olmağa dəvət edib. Bankın fəaliyyətinin özəl səhm kapitalına investisiya və şirkətlərə birbaşa kredit vəsaitlərinin artırılması, eləcə də korporativ idarəetmə standartlarının inkişafı yolu ilə daha da genişləndirilməsi, layihələrdə qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin (know-how) tətbiq olunması və bu fəaliyyətin “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetlərinə uzlaşdırılması təklif edilib.
Oxu.Az xəbər verir ki, bunu 15-16 may tarixlərində Polşanın Varşava şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının XXIII İllik Toplantıda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
“Dünyada iqtisadi və maliyyə sistemindəki qeyri-sabitliyə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2013-cü ildə də davam edib və ÜDM istehsalı 5,8 faiz artıb”, - nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır, ölkəmizin iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələrinin hələ uzun illər Azərbaycan və region ölkələri üçün səmərəli olacaq.
“Təcavüzkar Ermənistan Azərbaycanın ərazilərini işğal edib və bu da regionda hərtərəfli iqtisadi əməkdaşlığın inkişafına ciddi maneçilik törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Buna baxmayaraq, Azərbaycan regionda liderə çevrilərək, irimiqyaslı beynəlxalq və regional layihələr həyata keçirməkdədir”, - deyib Ş.Mustafayev.
Nazirlikdən verilən məlumata görə, banka 1992-ci ildən etibarən üzv olan Azərbaycana özəl sektor da daxil olmaqla su təchizatı, enerji, nəqliyyat və s. sahələrdə 146 layihənin maliyyələşdirilməsinə 2,5 milyard dollar kredit ayrılıb.
Bu kreditlərdən 1,3 milyard dollar dəyərində 10 layihə dövlət zəmanəti ilə, 1,2 milyard dollar dəyərində 136 layihə isə özəl sektorun inkişafına yönəldilib.
Ötən il Azərbaycanda həyata keçirilən 17 layihənin maliyyələşdirilməsinə AYİB tərəfindən 163 milyon avro vəsait ayrılıb.
Gülnarə Zeynalova
www.oxu.az