2014-cü ildə Azərbaycanla Avropa ölkələri arasında ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 47,3% olub, 2015-ci ilin yanvar-fevral aylarında isə bu göstərici 43% təşkil edib.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han ilə görüşü zamanı bildirib.
“Avropa İttifaqının 21 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 12 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Azərbaycan da öz növbəsində bir sıra Avropa ölkələrinə investisiya yatırıb. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır” - deyə, nazir qeyd edib.
Şahin Mustafayev qeyd edib ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin, 2015-ci ildə isə TANAP-ın təməlinin qoyulması enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.