2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 52,2 milyon ton, yük dövriyyəsi isə 10 milyard 956,1 milyon ton-km olub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
Yüklərin 30,65 milyon tonu və ya 58,7%-i avtomobil nəqliyyatı, 15,52 milyon tonu və ya 29,7%-i dəmir yolu nəqliyyatı, 6,06 milyon tonu və ya 11,6%-i dəniz nəqliyyatı ilə daşınıb.
“2014-cü illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22% və 34,8%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7% artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2 %-ni və ya 9,49 milyon tonunu tranzit yüklər təşkil edib.
İl ərzində dəhliz vasitəsilə 331,1 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 6 milyard 628,5 milyon sərnişin-km olub. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8%, sərnişin dövriyyəsi isə 7,5% artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib”, - deyə komitədən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az