2014-cü il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 803,4 min nəfər olub, onlardan 4 565,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 510,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 891,6 min nəfər, qeyri-dövlət bölməsində isə 619,3 min nəfər təşkil edib.
“Hesabat dövründə iqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft sektorunda isə 1 473,7 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 466,1 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,6%-i məhsul istehsalı sahələrində, onlardan 7,0%-i tikintidə, 6,6%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.
Xidmət sahəsində çalışanların 22,3%-i təhsil, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,1%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib”, - deyilir məlumatda.
2014-cü ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,9 saat təşkil edib.
2014-cü il avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,7 min nəfər olub. Onların 40,7%-ni qadınlar təşkil edib. Bu müddətdə işsizliyə görə müavinətin orta məbləği 247,4 manat olub.