Yaxın günlərdə Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyətə başlaması üçün nizamnamə və hüquqi sənədlərin təsdiqlənməsi gözlənilir.
Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə dördüncü gün jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə hal-hazırda adıçəkilən sənədlərin, Mərkəzin tikiləcəyi yerin müəyyənləşdirilməsinə dair sənədlərin və proqramın hazırlanması istiqamətində iş aparılır. O, qeyd edib ki, bütün bu məsələlər ilin sonuna qədər həll ediləcək.
“Hazırlıq işləri başa çatdıqdan sonra, əməkdaşlıq ediləcək ölkələr, tətbiq ediləcək texnologiyalar və s. müəyyənləşdiriləcək”, - Məmmədov dəqiqləşdirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ilin may ayının 8-də sülh məqsədilə nüvə texnologiyalarının istifadəsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində “Milli Nüvə tədqiqatları Mərkəzi” qapalı səhmdar cəmiyyətinin yaradılmasına dair sərəncam imzalayıb.