Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir.
Oxu.Az xəbər verir ki, bunu yanvarın 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Nazir qeyd edib ki, indiyədək müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb, müqavilə-hüquq bazasının formalaşdırılması işləri davam etdirilir.
Azərbaycanın təbii ehtiyatlarla zəngin ölkə olduğunu qeyd edən nazir Şahin Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirib.
Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində işlər aparılır. Nazir Şahin Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb. Bununla yanaşı, maşınqayırma, əczaçılıq, qida sənayesi, alternativ enerji, informasiya texnologiyaları, turizm sahələrində də əməkdaşlıq imkanlarının olduğu bildirilib, yapon şirkətləri əməkdaşlığa dəvət edilib.
Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin inkişafında Yaponiya tərəfinin maraqlı olduğunu vurğulayıb. Nazir müavini bundan sonra da Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf edəcəyinə əminliyini vurğulayıb.