Hava sərnişindaşıma nəqliyyatın tariflərində də dəyişilik müşahidə olub.
Dövlət Statistika Komitəsi ötən ayda istehlak bazarında qiymətlərin dəyişməsi haqqında statistik məlumat yayıb.
Oxu.Az DSK-ya istinadən xəbər verir ki, 2013-cü ilin avqust ayında ərzaq məhsullarının qiymətləri 0,8% ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,3% ucuzlaşıb.
Ay ərzində unun, qarabaşaq yarmasının, pasterizə olunmuş və olunmamış üzlü südün, almanın, armudun, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, pomidorun, bibərin, badımcanın, çuğundurun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, xamanın, yumurtanın, kərə yağının, limonun, kökün, göy lobyanın, xiyarın, göyərtinin qiymətlərində bahalaşma müşahidə olunub.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma müşahidə olunub.