Azərbaycanda problemli kreditlərin həcminin 1 milyard 300 min manatı keçdiyini nəzərə alsaq, bu kreditlərin sığortalanması məsələsini aktuallaşdırır.
Bundan əlavə, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, cari ilin 7 ayında sığorta ödənişlərinin ən ciddi artımı kreditlərin sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 35,4 dəfə artaraq 114,4 min manat təşkil edib.
Ümumiyyətlə, Azərbaycanda hazırda kreditlərin sığortalanması ilə bağlı vəziyyət nə yerdədir? Sığorta şirkətləri tərəfindən kreditlərin sığortası üzrə ödənişlərin kəskin artmasına səbəb nədir? Eləcə də, bazarda hansı proses kreditlər üzrə ödənişlərin artmasına təkan verib?
Oxu.Az-ın bu sullarını sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı cavablandırıb.
X.Məmmədxanlı hesab edir ki, ödənişlərin artması problemli kreditlərin həcminin artması ilə düz mütənasibdir:
“Azərbaycanda problemli kreditlərin həcmi artdığından, ödənişlərin həcmi də çox güman ki, bu səbəb ilə əlaqədar artıb. Müəyyən banklar vətəndaşların məsuliyyətini sığortalayıblar, yəni hər hansı bədbəxt hadisə və ya işsizlik halı olduğu təqdirdə, kreditlər üzrə ödənişləri sığortaçı öz üzərinə götürür”.
Ekspert həmçinin ödənişlərin artmasını sığorta şirkətləri üçün kritik olduğunu hesab etmir:
“Keçən il sığorta hadisəsi olmaması ilə əlaqədar bu ciddi artım kimi nəzərə çarpır. Son bir neçə ayda ödənişlər artıb. Məsələn, bir il 100 min manat, növbəti il 120 manat ödəniş verildikdə, bu artıq ciddi, 20%-lik artım kimi qəbul edilir. Bundan başqa, bir il heç bir ödəniş edilməyib, növbəti il 20 min manat ödəniş həyata keçirildikdə, bu bahalaşma kimi qəbul edilir” - deyə, ekspert əlavə edib.
Bu kreditlərin necə sığortalanması məsələsinə gəldikdə isə, ekspert bildirib ki, hazırda kredit predmeti olan girov (avtomobil, əmlak, ipoteka və s) sığortalanır:
“Yalnız bəzi banklar tərəfindən vətəndaşların mülki məsuliyyətinin sığortası deyil, sağlamlıq, həyat sığortası üzrə sığortalanma həyata keçirilir. Yəni, kredit götürən şəxs vəfat etdiyi və ya əmək qabiliyyətini itirdiyi təqdirdə, sığortaçı ödəniş etməli olur. Bu cür hallar isə çox az sayda baş verir”.
Mütəxəssis həmçinin problemli kreditlərin artması fonunda bu sığorta növü üzrə ödənişlərin gələcəkdə artmasını da istisna etmir.
Belə olan halda isə Məmmədxanlı bu sığorta növü üzrə sığorta haqqlarının arta biləcəyini də bildirib:
“Sığorta şirkətləri baxsalar ki, bu sığorta növü üzrə zərərlə işləyirlər. Yəni, yığdıqları sığorta haqqının 75-80%-ni ödəniş olaraq geri ödəyirlər, bu artıq o deməkdir ki, kreditlərin sığortası zərərli sığorta növü çevrilir. Belə olan halda, sığorta haqqlarına, sığorta şərtlərinə də yenidən baxıla bilər”.
Ülviyyə R. Əli
www.oxu.az