2014-cü il fevral ayının 1-dən Azərbaycanda mobil rabitə sahəsində “mobil əsarətə” son qoyan və mobil şəbəkələrdə abonentlərin azad miqrasiyasına imkan yaradan, nömrələrin köçürülməsi xidməti (MNP- Mobile Number Portability) fəaliyyətə başlayıb.
Oxu.Az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, MNP xidmətinin tətbiqi abunəçilərə operatoru dəyişdiyində öz nömrəsini, eləcə də prefiksi (operatorun kodunu) saxlamaq imkanı verir.
Seçilmiş operatorun şəbəkəsinə miqrasiya, SİM kartın dəyişdirilməsi ilə həyata keçirilir. Bu dəyişdirilmə ölkənin hər üç: Bakcell, Azercell və Azerfon mobil operatorunun bütün mərkəzlərində pulsuz həyata keçiriləcək.
Qeyd etmək lazımdır ki, MNP əməliyyatının yerinə yetirilməsi üçün nömrənin 3 aydan az olmayan müddət ərzində işlədilməsi və borcunun olmaması vacib şərtlərdən biridir.
Digər operatora keçid zamanı SİM kartın danışıq balansı sıfırlanır.
Bu xidmət mobil əlaqənin tariflərində özünü necə biruzə verəcək?
Bu məsələ ilə bağlı nazir müavini İltimas Məmmədov müsahibə verib.
Müsahibədə nazir müavini:
“Abunəçi öz seçimində azaddır. O, istədiyi vaxt operatorunu dəyişə bilər. Abunəçilərinin sayını qorumaq məqsədi ilə operatorlar konkret addımlar atmalıdırlar. Bu xidmətlərin yaxşılaşdırılması, fəallığın artırılması, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və təbii ki, bütün bunlarla yanaşı tariflərin endirilməsidir ” – deyib.
İ.Məmmədov qeyd etdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz tərəfindən mobil operatorların mobil rabitədən istifadəsində tariflərin endiriminə başlamaları üçün bütün imkanları yaradır.
Bu istiqamətdə atılan addım kimi, İ.Məmmədov optik kanallardan istifadə üçün nəzərdə tutulmuş məbləğin endirilməsi barədə Tarif Şurasına edilən müraciəti misal göstərdi. Bu, öz növbəsində mobil operatorlara rabitə xidmətlərindən istifadə tariflərinin endirilməsinə imkan yaradır.
Nazir müavininin qeyd etdiyi kimi, mobil rabitə sahəsində qiymət siyasətinə təsir edən əsas amillərdən biri operatorlar arasında sağlam rəqabətin olmasıdır.
Oxu.Az bu məsələ ilə əlaqəli ölkənin mobil operatorlarına müraciət etdi.
AZERCELL şirkətinin rəsmi nümayəndəsinin sözlərinə istinadən Oxu.Az bildirir ki, mobil nömrənin keçid xidməti mobil əlaqə bazarında rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə istiqamətləndirilib. Bu isə öz növbəsində rabitənin keyfiyyətinin gücləndirilməsinə, müxtəlif xidmət növlərinin təqdim edilməsinə və tariflərin optimallaşmasına gətirib çıxarmalıdır.
Bu haqda məlumatı AZERCELL şirkətinin rabitə üzrə baş mütəxəssisi (Senior Communication Specialist) Günay Məmmədli xəbər verib.
“Bunlar təbii ki, bütün abunəçiləri, o cümlədən də bizim abunəçiləri sevindirməyə bilməz”.
G.Məmmədlinin sözlərinə görə Azercell, mobil nömrələrin keçid prosesi başlandığı dövrdən tam texniki hazır vəziyyətdədir və onun şəbəkəsinə keçid etmək istəyən abunəçilərin istəklərini uğurla yerinə yetirir.
“Hələ ki, proses problemsiz gedir, aldığımız sifarişlər MNP üzrə kommunikasiya mərkəzinə göndərilir. Biz, ölkədaxili 10 Serviz mərkəzlərində, 48 ekspress ofisdə, 150 diller mərkəzində sifariş qəbul edirik. 200-dən artıq xidmət mərkəzlərində hər kəs bu proses və xidmət haqqında ətraflı məlumat ala bilər. Bütün arzu edən abunəçilər qısa müddət ərzində bizim şəbəkəyə keçəcəklər”.
MNP xidmətinin şirkətin qiymət siyasətinə təsiri barədə əsas sualın cavabında G.Məmmədli, şirkətin daima endirim kampaniyaları keçirdiyini və öz abunəçilərinə sərfəli tarif paketləri təqdim etdiyini söylədi. O, qeyd etdi ki, son 2 ildə şirkət mobil internet üçün də qiymətləri gözəçarpacaq dərəcədə endirib.
“Son illərdə mobil internetin tarifi də yetərincə endirilib. Bizim qiymət siyasətimiz yalnız abunəçilərin xeyrinə dəyişir” – G.Məmmədli.
Təəssüf edirik ki, digər mobil operatorlar Oxu.Az-a heç bir rəy bildirmədilər.
Şübhəsiz, yeni MNP xidmətinin tətbiqi mobil rabitə bazarında rəqabətin güclənməsinə gətirib çıxaracaq, bu isə mobil rabitə tariflərinin optimallaşmasına yol açacaq.
Gülnarə Zeynalova
www.oxu.az