Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycanda 2015-ci il iyulun 13-dən etibarən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.
Bank bunu qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə etdiyini bildirib.
Bəs, uçot dərəcəsinin 3,5%-dən 3%-ə endirilməsi nəyi dəyişəcək?
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın uçot stavkasının azaldılması ilə bağlı qərarını məhz məhdudlaşdırılan komisiyon haqlarının sonra banklara jest kimi də dəyərləndirilə bilər:
“Əvvəlla, sözügedən bankın istehlak kreditlərində komisiyon haqqlarının məhdudlaşdırılması ilə bağlı ötən həftəki addımından sonra faizlərin mərhələli azalacağı istisna edilmirdi. Komisiyon haqqlarının azaldılmasının banklarda kredit faizlərinin artıracağı ilə bağlı fikirlərin olmasına rəğmən o zaman da qeyd etdiyimiz kimi bu addım faizlərin tənzimlənməsinə hesablanmışdı. Elə “retail bankçılıqla” məşğul olan bir neçə bankın istehlak kreditləri üzrə faiz dərəcələrinin artırdıqdan qısa müddət sonra əvvəlki səviyyəsinə qaytarması da məhz bundan xəbər verirdi”.
Onun sözlərinə görə, bu qərarla banklar daha aşağı faizli kreditlər təklif edə biləcək:
“İkincisi, uçot stavkasının aşağı salınması kommersiya banklarına daha aşağı fazilə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək. Bu isə xeyili ucuz vəsaitlər cəlb edən bankların daha aşağı faizli kredit təklif etməsinə gətirib çıxara bilər. Təbii ki, uçot stavksının endirilməsindən sonra Mərkəzi Bank bütün kommersiya banklarının sözügedən maliyyələşmədən istifadə imkanlarının genişləndirilməsinə çalışmalıdır. Bu baxımdan, uçot dərəcələrinin endirilməsinin bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradacağı istisna edilmir”.
İqtisadçı bildirib ki, son 2 ayda xarici valyutalara təklifin azalması və Mərkəzi Bankın valyuta ehtiyatlarında müşahidə edilən artım uçot stavkasını endirilməsini mümkün etməklə yanaşı artıq baş bankın bazara müdaxilə rıçaqlarının artdığını göstərir:
“Yeni maliyyə mənbələrindən vəsait cəlb edən Mərkəzi Bank intervensiya xərclərinin tənzimlənməsi fonunda məzənnə siyasətindən artıq faiz siyasətinə keçid edir. Bu isə gündəliyi milli valyutanın məzənnəsi məsələsi ilə uzun müddət zəbt edilən Mərkəzi Bank kredit faizlərinin endirilməsini yenidən öz agendasına daxil etmək istəyini göstərir”.
“2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisiyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalıblar.
Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyi demək idi. Altıncısı, bu qərarından sonra Mərkəzi Bankın bankları real sektoru daha çox maliyyələşdirilməsinə təşviq etməyə çalışacağı güman edilir. Real sektoru maliyyələşdirməkda xüsusi maraqlı görsənməyən banklar aşağı uçot dərəcəli mərkəzləşdirilmiş kreditlər ilə bu sektora meyillənə bilərlər.
Nəhayət, uçot dərəcəsinin endirilməsi ilə bağlı qərarın kredit bazarına təsirlərinin qiymətləndirilməsi üçün Mərkəzi Bankın daimi monitorinqlər aparıb nəticələri ictimaiyyətlə bölüşməsinə ehtiyac var. Baş bankda bu addımın kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesinmaliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə atıldığını bəyan etməsini nəzərə alsaq deməli müəyyənləşdirilmiş hər bir indikator üzrə monitorinqin aparılmasına ciddi ehtiyac olacaq”-deyə, Bayramov əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl AMB banklara və BOKT-lara istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırmışdı.
Onu da əlavə edək ki, baş bankir Elman Rüstəmov iyulun 9-da bank rəhbərləri ilə görüşündə kredit faizlərinin azaldılması istiqamətində banklarla işin davam etdiriləcəyini bildirmişdi.
Ülviyyə R. Əli
www.oxu.az