Ölkənin daxili bazarında yanacağın qiymətlərində dəyişikliklər baş verəndə, bu, sözsüz ki, çörəyin qiymətinə də təsir edir.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Azad İstehlakçılar İttifaqının (Aİİ) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir.
“Çörəyin qiyməti azad bazar, iqtisadi şəraitdə tənzimlənir. Lakin çörək strateji məhsul olduğuna görə, bəzi dövlət orqanları tərəfindən onun qiyməti nəzarətdə saxlanılır ”, - deyib E.Hüseynov.
Xatırladaq ki, bir nəçə gün öncə İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətinin bahalaşması ilə bağlı rəsmi açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin verdiyi məlumata görə, çörəyin qiymətində heç bir artım baş verməyib. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq bazarda nəzarət tədbirləri həyata keçirir. Çörəyin də mühüm qida vasitələrindən olduğunu nəzərə alaraq bununla bağlı mütəmadi monitorinqlər aparılır.
A.Əliyevin sözlərinə görə, aparılan monitorinqlərin nəticələri göstərdi ki, çörəyin bahalaşması haqqında yayılan məlumatlar yalandır:
“İstehlak bazarında çörək əsas qida olduğundan dövlət tərəfindən bu sahəyə mütəmadi nəzarət tədbiri həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti xidməti vaxtaşırı olaraq o bazarda monitorinq keçirir. Aparılan monitorinqlər göstərir ki, çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb. Paytaxtın bütün ticarət obyektlərində çörəyin qiyməti əvvəlki kimi 30 qəpikdir”.
Buna baxmayaraq, çörəyin qiyməti artmasa da, onun çəkisi azalma tərəfinə dəyişilir.
Qeyd edək ki, Azərbaycanda çörəyin çəkisi standarta görə, 500 qram, qiyməti də 30 qəpik olmalıdır.
Bu barədə kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov “Azadlıq”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, benzin və dizel yanacağının qiyməti artandan sonra bu çörəyin çəkisi də ciddi şəkildə azalıb. “Hazırda onun çəkisi 350-300 qram arası dəyişir. Bunu isə istehlakçı hiss etmir”, - deyib V.Məhərrəmov.
Aİİ-nin sədri E.Hüseynov bu barədə öz fikrini Oxu.Az-a bildirib:
“Belə hallarda, benzinin qiyməti qalxanda, adətən bir qayda olaraq, çörəyin çəkisi aşağı düşür. Təəssüf ki, belə hallar baş verir”, - E.Hüseynov qeyd edib.
Gülnarə Zeynalova
www.oxu.az