10-11 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə “Qafqaz pendiri 2015” birinci beynəlxalq pendir festivalı keçiriləcək.
Oxu.Az “Novosti Qruziya”ya istinadən xəbər verir ki, Gürcüstan pendir istehsalçıları bu tədbiri Tbilisinin mərkəzində Rika parkında təşkil etməyi planlaşdırırlar.
Festivalda Ermənistan, Azərbaycan, Şimali Qafqaz ölkələri, eləcə də Gürcüstan regionlarının, o cümlədən Abxaziya və Osetiyadan gətirilmiş pendir məmulatları təqdim olunacaq. Qonaq qismində İsrail və Türkiyə nümayəndələrinin iştirakı gözlənilir.
“Bu festival ilə Gürcüstan Qafqazda mədəni kənd təsərrüfatı və ticarət-istehsalat statusununu bərpa edə bilər. Qafqaz pendirinə dünya pendir bazarında ona məxsus olan yeri tutmaq şansı verilir”, - məlumatda deyilir.
Tədbir çərçivəsində bəyənilən pendirin dadına baxmaq və almaq mümkündür. Pendir istehsalı ilə məşğul olan kiçik və iri müəssisələr, eləcə də fərdi istehsalçılar öz məmulatlarını sərgiləyəcəklər.
Festivalın proqramında kulinar məktəblər arasında yarışlar nəzərdə tutulub. Ən yaxşı kulinarları festivalın qonaqları müəyyən edəcək, daha sonra qaliblərin mükafatlandırılması baş tutacaq.
Festivala giriş azaddır.