Bu ilin iyununda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq 381.9 milyon ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16.9% artaraq 1.8 milyard ABŞ dolları təşkil edib.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19.4 faiz artaraq 175.3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı (qeyri-monetar qızıl istisna olmaqla) isə 17.3 faiz artaraq 206.5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3.4 dəfə, pambıq iplik 2.1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50%, alüminium və ondan hazırlanan məmulatlar 40.1%, qara metallar və onlardan hazırlanan məmulatlar 30.1%, pambıq lifi 26.3%, meyvə-tərəvəz 18.9%, çay 19.4%, spirtli və spirtsiz içkilər isə 2.9% artıb.
2026-cı ilin yanvar-iyun aylarında aqrar məhsullar üzrə ixrac 23.9% artaraq 563.9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 35.3% artaraq 195.9 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26.6 % artaraq 759.8 milyon ABŞ dollarına bərabər olub.