2015-ci ilin iyun ayında apardığımız monitorinqlərin nəticəsi göstərdi ki, Azərbaycanda qızılın qiyməti 7%-ə yaxın azalıb.
Bu barədə Oxu.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov dünya bazarında qızılın qiymətinin ucuzlaşmasının Azərbaycan bazarına təsirlərindən danışarkən qeyd edib.
Ekspertin sözlərinə görə, son bir ildə dünya bazarında qızılın qiyməti 16%, son 6 ayda 15%, son bir ayda isə 7%-ə yaxın azalıb.
“Qiymətli metalın qiymətinin azalması ölkəyə gətirilən qızılın qiymətinin aşağı düşməsinə gətirib çıxarır. Təbii ki, bu halda qızıl məmulatları daha ucuz qiymətə təklif olunur. Bu da qızıla olan tələbatın azalması ilə bağlıdır” - deyə, ekspert qeyd edib.
V.Bayramov son bir ayda Azərbaycanda qızıla olan tələbatın azalmasının Ramazan bayramı ilə də bağlı olduğunu bildirib:
“Ötən bir ayda Azərbaycanda Ramazan bayramı olduğundan toy və şənliklərə ara verilmişdi, bu da qızıla olan tələbin azalmasına gətirib çıxarmışdı.
Ümumilikdə isə dünyada və Azərbaycanda qiymətli metala olan münasibət də dəyişib. Belə ki, əvvəllər daha bahalı, böyük qızıllara üstünlük verilirdisə, hazırda nisbətən ucuz, kiçik həcmli qızıllara tələbat var”.
Bayramov onu da əlavə edib ki, hazırda Azərbaycanda qızıl yığım vasitəsi deyil:
“Hazırda Azərbaycanda qızıla yığım vasitəsi kimi baxılmır, bu isə onunla bağlıdır ki, qızılın alış və satışı arasında fərq çox olur. Məsələn, 1000 manata qızıl alan vətəndaş, üstündən bir ay keçdikdən sonra onu ən yaxşı halda 800 manata sata bilir”.
Ekspert Azərbaycanda qızıl bazarında ucuzlaşmanın davam edəcəyini də bildirib:
“Güman etmək olar ki, növbəti aylarda da qızılın qiymətinin aşağı düşməsinə uyğun olaraq, Azərbaycan bazarında qiymət azalmaları davam edəcək. Ümumiyyətlə, 2015-ci ildə qızılın qiymətində 10%-ə yaxın azalmanın olacağı gözlənilir”.
Ekspert “hazırda qızıla investisiya etmək məqsədəuyğundurmu?” sualına da aydınlıq gətirib:
“Qızılın qiymətində ciddi qiymət artımları proqnozlaşdırılmır, eyni zamanda Azərbaycanda qızılın alış-satış qiyməti arasında fərq olduğuna görə, indiki halda qızıl vətəndaşlarımız üçün yığım vasitəsi rolunu ciddi şəkildə oynamır”.
“Yastıq altında qalan qızılı dövriyyəyə necə cəlb etmək olar?” sualına isə ekspert bu cür aydınlıq gətirib:
“Vətəndaşların əllərində olan qızılı dövriyyəyə buraxması onların şərti qərarlarıdır. Hələ iki il əvvəlcədən biz qızılın qiymətinin azalacağını proqnozlaşdırırdıq.
Daha uyğundur ki, vətəndaşlar dünya bazarında tendensiyanı izləməklə öz qızıllarını satmaqla bağlı qərar versin”.
Bayramov vəsaitləri manat olmaq şərti ilə müxtəlif valyutalarda saxlamağın məqsədəuyğun olduğunu tövsiyə edib.
Qeyd edək ki, qızılın qiyməti 2010-cu ilin fevral ayından bu yana ilk dəfə olaraq ən aşağı səviyyəyə enib. Belə ki, hazırda dünya bazarında qızılın qiyməti hər qramı 35 dollara, unsiyası isə 1100 dollara təklif olunur. Ekspertlər isə bildirirlər ki, 2015-ci ildə dünya bazarında qızılın qiyməti 34-35 dollar arasında dəyişəcək.
Onu da əlavə edək ki, Azərbaycan qızılı daha çox Türkiyə, İtaliya, BƏƏ, Rusiyadan idxal edir.
Ülviyyə R. Əli
www.oxu.az