“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil operatorları ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi və mobil operatorları arasında beynəlxalq rouminq xidmətləri tariflərinin endirilməsinə dair Anlaşma Memorandumu” imzalanacaq.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə nazir Əli Abbasovla rusiyalı həmkarı arasında Astanada keçirilən Regional Rabitə Birliyinin (RRB) MDB sahə nazirləri və Rabitə Administrasiyası Başçıları Şurasının 49-cu iclası çərçivəsində keçirilən görüşdə müzakirə olunub.
Anlaşma Memorandumu “BakuTel-2014” Beynəlxalq sərgi və konfransı çərçivəsində imzalanacaq.
Ə.Abbasovun rusiyalı həmkarı ilə görüşdə Anlaşma Memorandumunun layihəsi ilə əlaqədar yekun danışıqlar aparılıb, o cümlədən TASİM/EuraCA layihələrinin həyata keçirilməsində rusiyalı operatorların maraqlı olduğu bir daha vurğulanıb.
Qeyd edək ki, “BakuTel-2014” bu ilin dekabrın 2-5-də baş tutacaq.