ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) dünya ölkələri əhalisinin gəlirinin hansı hissəsinin qida məhsullarına xərclədiyi barədə hesabat hazırlayıb.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu siyahıda Azərbaycan ilkin yerlərdən birini tutaraq, Pakistan və İndoneziyaya yaxın sətirlərdə yer alır.
Hesabata müvafiq olaraq ərzaq səbətinin ən ucuz xərci ABŞ-da qeydə alınıb – 6,6%. Büdcənin qalan hissəsi tibb, təhsil, istirahət, əyləncəyə və s. xərclənir. Böyük Britaniya, Kanada və Almaniyada ərzaq məhsullarına ailə büdcəsinin 9%-i xərclənir.
Departament hesab edir ki, inkişaf etmiş ölkələrdə ərzaq məhsullarına xərclənən vəsaitin aşağı göstəricisi intuitiv xarakter daşıyır - ərzaq məhsullarının istifadəsinin yüksək astanası mövcuddur və ölkə zənginləşdikcə əhali vəsaitin böyük hissəsini digər tələbatların ödənməsinə xərcləyir. Məsələn, Cənubi Koreya əhalisi 1975-ci ildə gəlirinin üçdə bir hissəsini, indi isə cəmi 12%-ni ərzaqa xərcləyir.
Hesabatda qeyd edilir ki, bu göstəriciyə əhalinin gəlir səviyyəsindən başqa ərzaqların qiyməti də təsir edir. Məsələn, orta amerikalı ərzaq mallarına ildə 2273 dollar (söhbət ev şəraitində istifadə edilən ərzaqlardan gedir), orta alman – 2481 dollar, fransız – 3037 dollar, norveçli – 4485 dollar xərcləyir (burada Avropa ölkələrində ərzaqların qiymətinin baha olmasını nəzərə almaq lazımdır). Departamentin hesabatında göstərilir ki, ərzaq mallarına ən çox Azərbaycanda pul xərclənir.
Bu göstərici Azərbaycanda demək olar ki, gəlirin yarısına – 48%-ə bərabərdir. Pakistanda bu rəqəm 45,4%, İndoneziyada – 44,1%, Nigeriyada – 44,9%, Əlcəzairdə – 43,8%, Gürcüstanda – 42,1%, Belarusiyada – 44%, Ukraynada – 42,2%-ə bərabərdir.