Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də dəyişikliklər edilib.
Oxu.Az xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərar “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 318 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədini daşıyır.
Qərarda deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №12, maddə 748; 2008, №8, maddə 779; 2011, №6, maddə 570; 2014, №2, maddə 201) ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 2.6-cı bənd ləğv edilsin.
2. 2.8-ci bəndin ikinci cümləsi çıxarılsın.
3. Əsasnaməyə əlavə - “Nəzarət Kitabçası” üzrə:
3.1. 5-ci sütun çıxarılsın;
3.2. 7-ci və 9-cu sütunlardan “və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası” sözləri çıxarılsın;
3.3. 10-cu sütundan “(İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin)” sözləri çıxarılsın.
“Nəzarət kitabçası” haqqında Əsasnamə”yə əsasən indiyə qədər vergi orqanları istisna olmaqla, digər dövlət orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi haqda “Nəzarət kitabçası”nda müvafiq qeydlər edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlamalarda eyni qüvvəyə malik üçüncü nüsxə tərtib olunub və nümayəndəyə təqdim edilib.
Nazirlər Kabineti tərəfindən “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən Əsasnamədəki bu müddəalar ləğv edilib.
Bununla da vergi orqanları istisna olmaqla, sahibkarlıq orqanlarında digər dövlət orqanları yoxlama apararkən bu yoxlamalarda İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin də mütləq iştirak etməli olması barədə tələb qüvvədən düşüb.