Bakı Dövlət Universiteti Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili 1 nömrəli tədris binasının əsaslı təmiri ilə bağlı satınalma prosesinə başlayıb.
Oxu.Az xəbər verir ki, binanın əsaslı təmiri üçün ehtimal olunan dəyər 25 milyon 69 min 900 manat olaraq göstərilir.
Müsabiqəyə dekabrın 8-də yekun vurulacaq.
Təmir işləri çərçivəsində binada genişmiqyaslı söküntü işlərinin görülməsi nəzərdə tutulur. Layihə kərpic divarların 100 mm, 200 mm və 400 mm qalınlıqlarda sökülməsini, kürsü mərtəbəsində dəmir-beton örtüklərin demontajını, fasadda pəncərə yerlərinin açılması üçün kərpic divarların sökülməsini, xrizolitsement plitələrdən hazırlanmış asma tavanların ləğvini, yararsız plastik panel tavan və karkasların sökülməsini, həmçinin bütün mərtəbələr üzrə taxta döşəmə örtüklərinin demontajını əhatə edir.
Ümumi söküntü həcmləri aşağıdakı kimidir:
- Kərpic divarların sökülməsi: 306.21 m³;
- Pilləkənlərin dəmir-beton örtüklərinin sökülməsi: 11.1 m³;
- Fasad divarlarının söküntüsü (pəncərə açılışları): 42.4 m³;
- Xrizolitsement asma tavanların sökülməsi: 10 492.1 m²;
- Plastik panel tavanların və karkasın sökülməsi: 659.7 m²;
- Taxta döşəmələrin sökülməsi: 7 952.6 m².