Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Beynəlxalq maliyyə qurumları Trans-Xəzər marşrutuna 10 milyard avro sərmayə qoyacaq
Avropa İttifaqı-Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən Trans-Xəzər Nəqliyyat Dəhlizinə 10 milyard avroluq investisiya öhdəliyi elan edilib.
Brüsseldə açılışı olan forumda Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinə dəstək və investisiya üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb.
İştirakçılar qarşıdakı iki gündə Trans-Xəzər Nəqliyyat Dəhlizinin 15 günə Avropa və Mərkəzi Asiyanı birləşdirə bilən müasir, çoxsaylı və effektiv marşruta çevrilməsi üçün lazımi investisiyaları müzakirə edəcəklər.
Forumda Avropa ilə Asiya arasında Rusiyadan keçməyən etibarlı və effektiv ticarət yollarının tapılmasının vacibliyi vurğulanıb.
Forumun ilk günündə bir sıra mühüm öhdəliklər də qəbul edilib. Belə ki, Avropa İnvestisiya Bankı (EIB) Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə ayrı-ayrılıqda ümumilikdə 1,47 milyard avro dəyərində müqavilələr imzalayıb.
Həmçinin gün ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qazaxıstanla ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalayacaq.
Qeyd edək ki, İnvestisiya Forumu Avropa Komissiyası, Avropa İttifaqına üzv ölkələr, Mərkəzi Asiya, Qafqaz ölkələri və Türkiyənin yüksək səviyyəli təmsilçiləri bir araya gətirir. Həmçinin iştirakçılar arasında G7 ölkələri, maliyyə qurumları və özəl sektor var.
Xatırladaq ki, Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Mənbə: İnterfaks
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb