2015-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 155 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar xərclənib.
Oxu.Az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin ötən il üzrə açıqladığı biznes əməliyyatları hesabatında öz əksini tapıb.
“1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,36 milyard barel (315 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3112 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2015-ci ildə BTC vasitəsilə təqribən 35 milyon ton (262,8 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 361 tankerə yüklənib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur”, - deyə şirkətin hesabatında bildirilib.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
Ülviyyə R. Əli
www.oxu.az