Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BVF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in artacağını proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda nominal ümumi daxili məhsulun (ÜDM) 2023-cü ildəki 72,4 milyard ABŞ dollarından 2024-cü ildə 75,6 milyard ABŞ dollarına, 2025-ci ildə isə 77 milyard ABŞ dollarına qədər artacağını proqnozlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə BVF-nin "Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" hesabatında deyilir.
Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2023-cü ildəki 1,1%-lə müqayisədə 3,2% təşkil edəcək, 2025-ci ildə isə 2,5%-dək azalacaq. Qeyri-neft sektorunda artımın 2024-cü ildə 4,8%, 2025-ci ildə 3,8% səviyyəsində (2023-cü ildəki 3,7%-ə qarşı) olacağı gözlənilir. Eyni zamanda, neft sektoru üzrə ÜDM-də 2023-cü ildəki 4,2%-lik azalma 2024-2025-ci illərdə 0,5%-dək yavaşlayacaq.
Qazaxıstanda neft hasilatının artımının dayanması səbəbindən Qafqaz və Mərkəzi Asiya regionunda neft ixracatçıları arasında artım tempinin 2023-cü ildəki 3,9%-dən 2024-cü ildə 3,3 %-ə enəcəyi proqnozlaşdırılır. 2025-ci ildə ÜDM-in 3,9%-ə qədər müvəqqəti artımı Qazaxıstandakı "Tengiz" neft yatağının genişləndirilməsi ilə əlaqədar olacaq. Ortamüddətli perspektivdə Azərbaycan və Türkmənistanda böyük məbləğdə investisiya qoyuluşu olmadan istehsal gücləri ilə məhdudlaşan karbohidrogen hasilatının sabitləşməsi proqnozlaşdırılır.
"Qlobal neft və qaz qiymətlərinin azalması regionun Azərbaycan və Qazaxıstan kimi neft ixracatçıları arasında iqtisadi artımda qeyri-enerji sektorunun rolunu yüksəldib. Xüsusilə Azərbaycanda və Qazaxıstanda hələ də yüksək istehlak kreditləşməsi və biznes kreditləşməsinin son dərəcə artımı ilə səciyyələnən böyük daxili tələb tikinti və xidmət sektorlarında aktiv iqtisadi fəallıqla müşayiət olunub. 2024-cü ildə Azərbaycanda dövlət və özəl investisiyalar bu sektora əhəmiyyətli təkan verib.
Ölkədə inflyasiyanın yavaşlaması pul-kredit siyasətini yumşaltmağa və uçot dərəcəsini 75 baza bəndi endirməyə imkan verib", - BVF vurğulayır.
Proqnozlara görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildəki 8,8%-ə qarşı 2024-cü ildə 2,1%, 2025-ci ildə 4,8% olacağı, 2024-cü ildə dövlət borcunun ÜDM-ə nisbətinin 20,5%, 2025-ci ildə isə 20,3% olacağı gözlənilir.
"Beynəlxalq Valyuta Fondu" teqi üzrə xəbərlər
- ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
- İqtisadiyyat naziri: "Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir"
- ABŞ-nin dövlət borcu rekord həddə çatdı
- Bankların problemli kreditləri AMB-nin açıqladığı rəqəmdən niyə iki dəfə çoxdur?
- COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru arasında görüş olub