Cari ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard 830 milyon manat investisiya yönəldilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.3 faiz çoxdur.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin ilk on ayında neft-qaz sektoruna 4 milyard 196.4 milyon manat, qeyri-neft-qaz sektoruna isə 10 milyard 633.6 milyon manat investisiya qoyulub. Qeyri-neft-qaz emal sənayesinin inkişafına yönəldilmiş investisiya 345.4 milyon manat təşkil edib. Bu isə deməkdir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 8.8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 6 faiz artıb.
Ümumi sərmayənin 7 milyard 499.8 milyon manatı və ya 50.6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 863.3 milyon manatı (32.8 faizi) xidmət sahələrinə, 2 milyard 466.9 milyon manatı (16.6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib. Sərmayənin 50.8 faizi dövlət, 49.2 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Yönəldilən investisiyaların 77.5 faizi tikinti-quraşdırma işlərinə istifadə olunub. Eyni zamanda, daxili maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 77.5 faizi təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş ümumi investisiyanın 41 faizi sənaye sahəsinə, 24.6 faizi tikintiyə, 21.9 faizi nəqliyyat və anbar təsərrüfatına, 2.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 1.8 faizi informasiya və rabitəyə, 1.6 faizi təhsil və kənd təsərrüfatına, hər biri 1.2 faiz olmaqla maliyyə-sığorta və dövlət idarəetməsi sahələrinə sərf edilib. İnvestisiyanın 1.1 faizi istirahət, əyləncə və incəsənət sahələri, 0.8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0.6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0.3 faizi inzibati və yardımçı xidmətlər, 0.1 faizi isə peşə, elmi və texniki fəaliyyət üzrə yönəldilib.
Bu dövrdə ölkənin müxtəlif şəhər və rayonlarında bir sıra mühüm obyektlər istifadəyə verilib. Onların sırasında Dövlət Gömrük Komitəsinin yeni inzibati binası, qəlyanaltı məhsulları zavodu, Özbəkistan səfirliyinin binası, Səməd Vurğun adına Yaradıcılıq Evi, Gəncə Avtoparkı, Gəncə Memorial Kompleksi, "8 Noyabr" elektrik stansiyası, Xankəndi Biznes Mərkəzi, Xankəndi Konqres Mərkəzi, Qarabağ Universitetinin Klinikasının binası, tədris korpusu, Sumqayıtda tikinti kimyəviləri zavodu, xüsusi təyinatlı avtomobil istehsalı müəssisəsi, Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi, Ağdam Muğam Mərkəzi, bir sıra kəndlərin mərhələli yaşayış əraziləri, məktəb və bağça binaları, avtomobil yolları, elektrik stansiyaları, aqropark və digər sosial, iqtisadi və istehsal təyinatlı obyektlər yer alır.
Xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş 3 milyard 265.5 milyon manatlıq investisiyanın 97.7 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
Yerinə yetirilmiş inşaat işlərinin 83 faizi inşa, yenidənqurma və bərpa, 8 faizi əsaslı təmir, 5.8 faizi cari təmir, 3.2 faizi isə digər tikinti işləri olub. Ümumi inşaat işlərinin 89.8 faizini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri icra edib.