Milli Məclisin bu gün keçirilən plenar iclasında “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycandakı kommersiya banklarının maliyyə vəziyyətinin pisləşməsi iqtisadi böhranla bağlı deyil: “Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Bu məsələ sağlamlaşdırılmalıdır”.
“Deyirlər, “körpü-bank”lar yaradılsın. Kim deyə bilər ki, sabah o “körpü-bank” bu banklar kimi işləməyəcək?! Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb”, - deyə deputat qeyd edib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə əlavə edib ki, Azərbaycanda bu gün fiziki və hüquqi şəxslərə kredit verilməsi faktiki dayanıb: “Yaxşı olar ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə diqqət yetirsin. Bundan başqa, dollarla verilmiş kreditlərin, vaxtı keçmiş bank borclarının necə qaytarılması məsələsinə artıq baxılmalıdır”.
U.A.
www.oxu.az