Milli Məclisin iclasında cari məsələlər müzakirə olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fazil Mustafa vətəndaşların müraciətini parlament rəhbərinin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanda bir sıra xidmətlərin “ASAN Xidmət”ə verilməsi çox yaxşıdır:
“Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz.
Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o, yoxsullaşıb və kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu hüququ məhdudlaşdırmağın mənası yoxdur”.
Qeyd edək ki, DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az-a bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Kredit borcu olanların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.
Belə ki, kifayət qədər insanın kredit borcu olduğunu nəzərə alsaq, onda əksəriyyətin şəxsiyyət vəsiqəsini dəyişdirməsi mümkünsüz olar.
İstisna hal yalnız mülki-hüquqi öhdəliklərin icrasından yayınan və məhkəmə tərəfindən barəsində axtarış verilən şəxslərə şamil edilir. Qalan bütün hallarda vətəndaşlar istədiyi vaxt şəxsiyyət vəsiqəsinin alınması və yenilənməsilə ilə bağlı müraciət edə bilərlər”.
Nazirlik rəsmisi bu problemlə qarşılaşan vətəndaşlara müraciət edib: “Hüquq mühafizə orqanları ilə heç bir problemi olmayan, şəxsiyyət vəsiqəsinin alınmasında yaxud dəyişdirilməsində çətinlik çəkən vətəndaşlar, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edə bilər.
Eyni zamanda problem barədə 077 501 08 18 nömrəli telefona zəng edərək məlumat verə bilərlər. Qeyd edim ki, daxil olan müraciətlər operativ şəkildə araşdırılır və bütün hallarda vətəndaşlara müvafiq köməklik göstərilir”.
U.A.
www.oxu.az