Dünya iqtisadiyyatında neftin qiymətinin sürətlə düşməsi prosesi gedir. 2015-ci il dövlət büdcəsində neftin 1 bareli 90 dollardan hesablanıb. Amma indi 60 dollar civarındadır. Bu vəziyyət ilin sonuna kimi davam edərsə, Azərbaycan hökumətinin itkisi 5-6 mlrd. manat olacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
O bildirib ki, manatın sabit qalması üçün Mərkəzi Bank hər il 2-2,5 mlrd. investisiyadan istifadə edirdi:
“Ekspertlər bildirirdi ki, bu proses uzun müddət davam edə bilməz. Belə bir prosesin uzun müddət davam etməsi bankın rezervlərinin tükənməsinə gətirib çıxarar. Azərbaycan Mərkəzi Bankının intervensiya etdiyi valyutanın miqdarı Ermənistanın büdcəsi qədərdir.
Azərbaycan iqtisadiyyatı ciddi problemlərlə üzləşib. Son 10 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı təmin edən amillərdən biri də pul-kredit siyasəti olub. Mən istəməzdim ki, biz həmin siyasətə kölgə salaq”.
Komitə sədri qeyd edib ki, Mərkəzi Bankın intervensiyası ölkənin iqtisadi gücünü artırıb. Z.Səmədzadənin fikrincə, intervensiya siyasəti sayəsində ölkədə stabil şərait yaradılıb:
“Manat dünyada ən güclü valyutalardan biridir. Manatın dollara nisbətdə yüksəlməsi bizə ixrac potensialını artırmağa imkan vermirdi. Ancaq indi ölkədə yaxın vaxtlarda kiçik-orta iri sahibkarlıq sənayeləri yaradılacaq. Bu müəssisələrin ixrac potensialının genişləndirilməsi üçün məzənnədə dəyişikliyə ehtiyac var idi”.
Komitə sədri həmçinin vurğulayıb ki, Azərbaycan hökuməti manatın ucuzlaşmasından sonra yaranmış vəziyyətlə bağlı sosial tədbirlər görməlidir:
“Qiymətlərin bahalaşmasına qarşı ciddi mübarizə üsulları müzakirə olunmalıdır. Bu addımlar anti-böhran tədbirləri deyil. Sadəcə olaraq manatın devalvasiyası nəticəsində yaranmış problemlərin həlli istiqamətində görülən işlərdir. Azərbaycan hökuməti və xalqı bu çətin vəziyyətdən də üzüağ çıxacaq”,- deyə Z.Səmədzadə bildirib.