“2017-ci il dövlət büdcəsi haqqında” qanun dövlət başçısı tərəfindən imzalandı. Gələn ilin büdcəsini xarakterizə edən maraqlı nüanslar var.
Ümumi olaraq qeyd etmək istərdim ki, 2017-ci ilin büdcəsi 2016-cı ildə dünya iqtisadiyyatında baş verən dəyişiklikləri (neftin qiymətinin kəskin azalması, neft qiymətlərinin qeyri-sabitliyi, Avropada “Brexit” prosesinin təsiri, bütün bunların beynəlxalq maliyyə bazarlarına təsiri və s.) dərin təhlil edilib.
Həmçinin, 2017-ci ildə Azərbaycanı gözləyən iqtisadi təhdidləri və imkanları proqnoz edərək hazırlanıb. Yeni ilin büdcəsi daha yığcam və qənaətcil olacaq”.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
O deyib ki, 2017-ci ildə büdcə xərcləri 2016-cı ilə nisbətən 1,595 mlrd. manat azaldılıb. Lakin azalmalara baxmayaraq, büdcənin sosial xərcləri 2016-cı ilə nisbətən 6%-ə qədər artırılıb.
Deputatın sözlərinə görə, sosial xərclər bütün büdcə xərclərinin 40%-nə qədərini təşkil edəcək. “Büdcə kəsiri isə 2016-cı ilə nisbətən 1,028 mlrd. manat azalaraq 645 mln. manat təşkil edəcək ki, bu da 2017-ci ildə proqnozlaşdırılan ÜDM-in 10%-ni təşkil edəcək. Bu isə beynəlxalq norma sayılır.
Neft Fondundan büdcəyə transfertlərin həcmi 1,5 mlrd. manat azaldılaraq 6,1 mlrd. manata çatdırılması planlaşdırılır ki, bu da növbəti illərdə büdcə gəlirlərinin formalaşmasına qeyri-neft sektorunun rolunun artacağını göstərir.
2017-ci il büdcəsində ilk dəfə olaraq büdcə gəlirlərinin 50%-dən çoxu qeyri-neft sektoru gəlirləri hesabına formalaşacaq. Neft Fondundan olan transfertləri nəzərə almasaq, 2017-ci ildə büdcə gəlirləri 2016-cı ilə nisbətən 0,9 mlrd. manat artacaq.
İlk dəfə olaraq 2017-ci ilin büdcəsində yerli gəlirlərlə yerli xərclərin nisbəti minimuma endirilib. Əgər 2016-cı ildə bu fərq xərclərin xeyrinə 775 mln. manat idisə, 2017-ci ildə 68 mln. olması planlaşdırılır.
Büdcə xərclərinin ÜDM-ə nisbəti 27% olacaqdır ki, bu da orta dünya göstəricilərinə yaxındır (29%). Vergi gəlirlərinin ÜDM-ə nisbəti 12% planlaşdırılır ki, bu da orta dünya göstəricilərindən aşağıdır (15%). Bu əslində Azərbaycanda vergi yükünün digər ölkələrə nisbətdə daha aşağı olmasından xəbər verir.
2018-ci ildən başlayaraq büdcə kəsirinin profisitə çıxması, 2020-ci ildən başlayaraq isə büdcənin cari xərclərini tamamilə qeyri-neft sektoru gəlirləri hesabına formalaşması planlaşdırılır”.
U.A.
www.oxu.az