Milli Məclisin bu gün keçirilən iclasında Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin artımı ilə bağlı verdiyi qərar müzakirə olunub.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, deputat Zahid Oruc bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymət artımı gözləniləndir və buna normal yanaşmaq lazımdır:
“Amma qiymət artımı istər-istəməz öz mənfi təsirini göstərəcək. Ona görə də hökumətin aidiyyəti orqanları cəmiyyətə bu artımın səbəblərini izah etməlidir ki, kimlərsə bundan hakimiyyətin əleyhinə istifadə etməsinlər”.
Millət vəkili İqbal Ağazadə qiymət artımına etiraz edərək bildirib ki, hökumət bunu izah etməlidir. Deputat qiymətin qəfil artırılmasını düzgün siyasət hesab etmir və düşünür ki, bu, qiymətlərin artımına kəskin təsir edəcək.
Millət vəkili Fazil Mustafa qiymət artımına etiraz edərək bildirib ki, cəmiyyət hazırda qiymət artımından stressdədir və hökumət bu stressi azaltmağa çalışmalıdır:
“Bu qiymət artımının heç bir izahatı yoxdur. Bu artım öz mənfi təsirini göstərəcək”.
F.Mustafa hesab edir ki, cəmiyyəti buna hazırlamaq lazım idi və bundan sonra qiymət artırılsaydı, yaxşı olardı. Millət vəkili qiymət artımından çıxış yolu kimi hökumətə velosiped yollarının salınmasını və piyada yollarının genişlənməsini təklif edib.
Deputat Siyavuş Novruzov isə bu qiymət artımını çox normal hesab edib və qeyd edib ki, bunun hansısa mənfi təsiri olmayacaq.
Milli Məclisin sədri Oqtay Əsədov F.Mustafanın təklifinə replika ilə cavab verərək bildirib ki, velosipedlə bağlı təklif heç də pis deyil:
“Düzdür Fazil bəy bu təklifi ironiya ilə dedi, amma mən bu təklifə müsbət baxıram və burada pis heç nə yoxdur”.
Deputat Asim Mollazadə də hesab edir ki, qiymət artımı cəmiyyətdə gərginlik yarada bilər:
“Ona görə də aztəminatlı ailələrin konpensasiyasını təmin etmək barədə düşünülməlidir”. (Trend)