Qeyri-dövlət pensiya institutlarının lisenziyalaşdırılması məsələləri araşdırılacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının ekspertlərinin ölkəmizə səfəri barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, qeyri-dövlət pensiya institutlarının fəaliyyəti ilə bağlı nəzərdən keçirilən dövlət tənzimlənməsinin forması kimi, bu fəaliyyətin lisenziyalaşdırılması, habelə həmin institutların yaradılması və təşkili üzrə tələblərin müəyyən edilməsidir:
“Fondların lisenziyalaşdırılması, onların yaradılması və təşkili üçün tələblər və digər bu kimi məsələlərlə bağlı araşdırmalarının nəticələri DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində hazırlanması nəzərdə tutulan qeyri-dövlət pensiya fondlarına dair qanunvericilikdə əksini tapacaq”.
Fond sədri bildirib ki, birgə layihə çərçivəsində indi ölkəmizdə səfərdə olan Avropa İttifaqının ekspertləri tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla çoxsaylı görüş keçirilməsi, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması nəzərdə tutulur.