Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfində 2014-cü ilin ötən beş ayı ərzində 23,4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu məlumata görə, ÜDM-in 61,2% məhsul istehsalı sahələrində, 31,7% xidmət sahələrində yaradılıb, 7,1% isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Əhalinin hər nəfərinə ümumi daxili məhsul istehsalı 2499,8 manat (3187,4 ABŞ dolları) təşkil edib.
Əlavə dəyərin 55,4% qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 8,3% artmış, neft sektorunda isə 3,6% azalıb.
“Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 14,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövründəkindən 2,1% az sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 73,3% mədənçıxarma bölməsində, 20,5% emal bölməsində, 5,6% elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6% su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4% artmış, neft sektorunda isə 3,0% azalıb.
Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 2,2% azalıb, 17,7 milyon ton neft, 7,6 milyard kub metr əmtəəlik qaz hasil olunub.
Emal bölməsində məhsul buraxılışı 6,7 faiz azalsada, qida məhsullarının istehsalı 2,1%, geyim istehsalı 17,4%, tikinti materialları istehsalı 16,7%, maşın və avadanlıqların istehsalı 4,7%, avtomobil və qoşquların istehsalı 2,6 dəfə, sair nəqliyyat vasitələri istehsalı 2,8 dəfə, mebel istehsalı 29,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri 18,1% artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 1,7% artıb, istehsal edilib, 9,2 milyard kv.saat elektrik enerjisi ötən ilki səviyyədən 3,0% çox olub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 6,6% artıb”, - DSK-nın məlumatında deyilir.
Gülnarə Zeynalova
www.oxu.az