ABŞ xaricə neft ixracına yanvarın ilk həftəsindən başlayacaq. ABŞ hökuməti 1975-ci ildən qüvvədə olan xaricə neft ixracına qadağanı bir neçə gün əvvəl aradan qaldırıb və Enterprise Products Partners, Pioneer Natural Resources və Peaker Energy şirkətlərinə xaricə neft satmaq hüququ verib.
Mütəxəssislər isə bildiriblər ki, ABŞ nefti Avropa bazarında Rusiya, Səudiyyə Ərəbistanı və Qərbi Afrikadan gətirilən neftə güclü rəqabət yarada bilər.
Birjalarda qiymətlərin kəskin aşağı düşdüyü bir vaxtda ABŞ hökümətinin belə bir qərar qəbul etməsi nəyə hesablanıb? Bu, bazarda neftin hazırda aşağı olan qiymətlərinə necə təsir göstərə bilər?
Oxu.Az bu suallar ətrafında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib.
İ.Şabanın sözlərinə görə, ABŞ hökümətinin bu qərarı birjalarda qiymətlərə mənfi təsir edəcək:
“Bu, neft bazarına təbii ki, təsirsiz ötüşməyəcək və qiymətlərə neqativ təsir edəcək.Yəni, qiymətlər aşağı düşəcək. Neft şirkətləri bu nefti əsasən Qərbi Avropa bazarına yönləndirəcəklər. Bununla da həmin bazarda rəqabət güclənəcək.
ABŞ-ın əsas məqsədi Avropada rəqabəti gücləndirmək, oradakı qiymətlərə təsir etməkdir. Nəyə görə sual oluna bilər? Çünki Avropa bazarına daha çox neft Rusiya, Yaxın Şərqdən gəlir, eləcə də 2016-cı ildə bazara daha bir ölkə, yəni İran daxil olmaq istəyir”.
O qeyd edib ki, bu qərar İranın Avropa bazarında yarana biləcək hegemonluğunun qarşısını almağa hesablanıb:
“Düzdür, İran neftinin sanksiyalardan əvvəl Avropa bazarında payı çox olmayıb. Heç vaxt 10%-i keçməyib. ABŞ neftinin bu bazara gəlməsində əsas məqsəd İran neftinin bazarda yarana biləcək hegemonluğunun qarşısını almaqdır. Belə ki, İran əsasən Cənubi Avropa ölkələrinə; Yunanıstan, İtaliya, Fransa, İspaniya ölkələrinə neft ixrac etmək gücündədir. Ancaq ABŞ-ın həmin bazara daxil olması ilə həmin bazarda bu ölkənin hegemonluğunun qarşısı alınacaq və bazarda diversifikasiya prosesi gedəcək”.
İlham Şaban hazırda WTI nefti ilə Brent neftinin qiymətlərinin eyniləşməsinin səbəblərini də açıqlayıb:
“Məsələn, bir neçə il bundan öncə, təqribən 2012-ci ildə Brent nefti ilə WTI nefti arasındakı maksimum fərq 27 dollara çatmışdı. Adətən isə bu göstərici 8-10 dollar arasında olurdu. İndi isə bu fərq 2 dollar səviyyəsinə düşüb.
Əvvəllər Texas neftinin bazara çıxış məsələləri var idi. Belə ki, onlar nefti hasil edirdilər, onu emal müəssisələrinə gətirirdilər. Orda isə logistik məsələlərdə problemlər yaşanırdı. Mövcud boru kəmərləri imkan vermirdi ki, həmin nefti başqa bir bazara nəql etsinlər. Ona görə də, Brent nefti ilə Texas nefti arasındakı fərq böyük idi.
İndi isə o məsələlər tam həllini tapıb, əsasən də şist neft yataqları işə düşdükdən sonra orda çox gözəl sistem qurulub. Arada bax çox kiçik fərq yaranıb. Təhlilçilər belə deyirlər ki, ABŞ-ın neft şirkətləri böyük həcmdə nefti öz ölkələrinin daxilində deyil, xaricində satmaqda maraqlı olmayacaqlar.
Çünki daşınma xərclərini yaxşı ödəmək üçün onlara lazımdır ki, Qərbi Texasla Brent nefti arasında fərq 4 dollardan aşağı düşməsin. Ancaq indiki halda bu 2 dollardır. Başqa bir məsələ də var ki, 2016-cı ilin ikinci yarısında neftin qiymətləri hazırkı qiymətdən, yəni 36 dollardan 10 -18 dollar artacaq. Yəni, 50 dolları keçəcək. Bu şəraitdə həqiqətən elə bir fərq yarana bilər. Bu isə ABŞ şirkətlərinin marağında olacaq”.
Ülviyyə R. Əli
www.oxu.az