Rusiya hökuməti dollardan imtina etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, Rusiya Nazirlər Kabineti dollar hesablarından imtina etməyi, ölkəyə dollar gətirilməsini qadağan etməyi planlaşdırmadığını vurğulayaraq, diqqəti xarici ticarət əməliyyatlarına yönəldib.
Açıqlamada deyilir ki, Rusiya hökuməti, onun maliyyə-iqtisadiyyat bloku ölkə iqtisadiyyatının ABŞ valyutasından asılılığını azaltmaq üçün xarici ticarət əməliyyatları zamanı hesablaşmaların milli valyutalarla aparılmasını stimullaşdırmaq və işlək mexanizm yaratmaq üzərində işləyir.
Ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, dollara tələbatı tamamilə sıradan çıxarmaq mümkün deyil. Bu nə Azərbaycan, nə də Rusiyada realdır. Eyni zamanda, xarici ticarət əməliyyatlarında da dollardan imtina edərək, milli valyuta keçid real görünmür. Çünki inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-birinə birbaşa məzənnəsi yoxdur. Rusiya və Azərbaycanın milli valyutalarının birbaşa deyil, çarpaz məzənnələri var:

“Bu, o deməkdir ki, Rusiyada yaşayan iş adamı Azərbaycanla əməliyyat aparan zaman Azərbaycan manatı ilə ödəniş etmək istəsə belə, yenə də dollara ehtiyacı var. Çünki aldığı manatı dollara konvertasiya etməli və sonra manata çevirməlidir. Azərbaycanlı iş adamı da eyni qaydada daha çox məzənnə əməliyyatları aparmalı olacaq. Bütün hallarda dollarsız əməliyyatlar real deyil”.
Amma onu da nəzərə alaq ki, hər gün Mərkəzi Bank AZN/Rubl məzənnəsini açıqlayır. Buna əsaslanaraq, qısamüddətli əməliyyatların milli valyutada aparılması mümkün görünə bilər. İqtisadi ekspert bununla bağlı sualımızı belə cavablandırdı:
“Yalnız bəzi məhsullar və xidmətlər üzrə milli valyutalarla ödənişlər mümkündür. Bu isə kiçik və orta sahibkarlıq səviyyəsində ola bilər. Amma nəticə etibarilə sahibkar aldığı vəsaiti rublda saxlamayacaq, yenə dollara çevirəcəksə, dollara təlabat yüksək olacaq. Bütövlükdə, xarici ticarət dövriyyəsini dollarsızlaşdırmaq real deyil, mövcud iqtisadi və qlobal qaydalar xaricindədir”.
Azərbaycan və Rusiyanın ayrılıqda dollara böyük ehtiyacı var. Azərbaycan sahibkarları satdıqları məhsulun pulunu rubl ilə almaqda maraqlı deyillər. Onlar üçün dollar dönərli valyutadır, inkişaf etməkdə olan ölkələrin (buraya Azərbaycan və Rusiya da daxildir - red.) milli valyutalarının məzənnələrində tez-tez dəyişiklik baş verir və volatillik çox yüksəkdir. Bu isə biznesin öz dövriyyəsini planlaşdırmasına çətinliklər yaradır.
Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında 2018-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 14647,0 milyon ABŞ dolları olub. Rusiyaya ixracın dəyəri 9986,7 milyon dollar, idxalın dəyəri 4660,3 milyon dollar təşkil edib.
Ticarət əlaqələrinin artım dinamikası 20 faizədəkdir və Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.