Rusiya “Bitkilərin karantini haqqında” qanununa uyğun olaraq 2015-ci ilin yanvarın 1-dən qonşu ölkəyə karantin nəzarəti ilə idxal olunan məhsulların qaydalarında dəyişiklik edilib.
Belə ki, karantin altında olan məhsulların sırasında istər təzə, istərsə də quru meyvə və tərəvəz, göyərti, quru ot, çay, çərəz və s. göstərilir.
Qərar Rusiya, Qazaxıstan və Belarusun üzv olduğu Gömrük İttifaqının Gömrük Komissiyası tərəfindən təsdiq edilib. Qeyd edilib ki, karantin nəzarətinə düşən istənilən məhsulların Tacikistan, Azərbaycan, Özbəkistan, Ukrayna, Moldova, Gürcüstan və Avropa Birliyi ölkələrindən idxalına qadağa qoyulur. Rusiyaya digər ölkələrdən karantin nəzarətində olan məhsulların əl çantasında və baqajda, o cümlədən poçt göndərmələrində idxalına ancaq çəkisi 5 kq təşkil etdikdə və bu məhsulun toxum, əkiləcək material və ya kartof olmaması şərti ilə icazə verilir. Rusiya tərəfindən tətbiq edilən bu qadağa ölkə bazarına hansı şəkildə təsir göstərəcək?
Oxu.Az-ın bu sualını iqtisadçı-alim Vüqar Bayramov şərh etdi.
Ekspert bildirir ki, Azərbaycan iş adamları və fermerləri üçün Rusiya bazarı əhəmiyyətlidir. İstehsalçılar öz məhsullarını Rusiya bazarında daha baha qiymətə satmaq imkanına malikdir, bu fermerlərə imkan verir ki, Rusiya vasitəsilə daha çox gəlir əldə etmək imkanına malik olsunlar.
Ekspert qeyd edir ki, qadağalar istehsalçıların uduzmasına, istehlakçıların isə udmasına səbəb olacaq:
“Rusiya tərəfindən qadağaların tətbiq olunması fermer təsərrüfatlarının maliyyə imkanlarına mənfi təsir göstərəcək. Qadağaların fermerlər tərəfindən təsirləri neqativ olsa da, amma həmin məhsulların ölkə daxilində bazara çıxarılmasına gətirib çıxaracaq. Ekspert qeyd edir ki, qadağalar istehsalçıların uduzmasına, istehlakçıların isə udmasına səbəb olacaq.
Bolluq yarandığı, təklif artdığı üçün qiymətlərin aşağı düşməsini müşahidə edəcəyik. O baxımdan bu qadağanın tətbiq edilməsi daxili bazarda qiymətlərin azalması səbəbindən fermer təsərrüfatlarının – istehlakçıların udmasına, istehlakçıların daha ucuz ərzaq məhsulları almasına səbəb olacaq”.
Vüqar Bayramov bildirir ki, bu qadağalar yerli bazarda kənd təsərrüfatı məhsullarının qiymətini aşağı salacaq:
“Bu məhsulları üçüncü bir ölkəyə ixrac etmək mümkün deyil, Azərbaycanın qonşu ölkələri kənd təsərrüfatı məhsulları istehsal edən ölkələrdir. Belə olan halda Azərbaycan fermerlərinin Rusiya bazarı ilə yanaşı, kənar bazarlara daxil olmaq imkanları məhduddur, ona görə də, Rusiyanın tətbiq etdiyi qadağalardan sonra fermerlər yerli bazara üstünlük verəcəklər. O baxımdan fermerlərin yerli bazara üstünlük verməsi daxili bazarda kənd təsərrüfatı məhsuallarının qiymətinə təsir göstərə bilər, çünki daxili bazarda kənd təsərrüfatı məhsullarının bolluğu yaranacaq”.
Ekspert istehlakçıların daha ucuz məhsullara əlçatanlılıq səviyyəsinin yüksək ola biləcəyinə baxmayaraq, Rusiyanın bu addımını ölkə üçün əlverişli hesab etmir, səbəblərini izah edir:
“Bazarda qiymətlərin tənzimlənməsi baxımından, istehlakçılara daha ucuz məhsulların təklif edilməsi baxımından üstünlüklər var. Amma nəzərə alsaq ki, bu məhsulların bir qismi uzun müddət saxlanılan məhsullar deyil. Bu gün Rusiyaya ixrac olunan məhsullar müəyyən gündən sonra xarab olan məhsullardır, o baxımdan bu daxili bazarda bolluq yaratsa da belə, Azərbaycanın daxili bazarı xüsusilə Rusiya ilə müqayisədə böyük bazar deyil, bu baxımdan bu həmin məhsulların birmənalı şəkildə bir qisminin xarab olmasına gətirib çıxaracaq ki, bu da fermer təsərrüfatlarının maliyyə iqtisadi baxımdan mənfi təsir göstərəcək.
Bütövlükdə qiymətlərin azalmasına səbəb olsa da belə bu addım bütün hallarda Rusiya tərəfindən belə bir qadağanın tətbiq edilməsi Azərbaycan üçün əlverişli deyil”.
Rusiya tərəfdən tətbiq edilən qadağaların müddəti ilə bağlı isə iqtisadçı-alim bildirdi ki, Rusiyanın tətbiq etdiyi qaydalar, qadağalar da çox təəssüf ki, proqnozlaşdırmaq və hansı müddətə qalacağını demək çətindir. Əksər hallarda Rusiya iqtisadi səbəblər deyil, digər səbəbləri əsas götürərək bu tip qadağalar həyata keçirir”.
Öz növbəsində Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Oxu.Az-a bildirdi ki, iqtisadiyyatda belə bir qayda var: tələb və təklif.
“Təklif nə qədər çox olarsa, ahəngdar, düzgün olarsa bu da qiymətlərin tənzimlənməsinə gətirib çıxara bilər. Mən hesab edirəm ki, bu məsələ birbaşa əhalinin rifahı ilə əlaqədardır.
Prezident İlham Əliyev də bildirir ki, daxili bazarın təminatı yerli istehsal hesabına olsa daha yaxşı olar. Yerli istehsal da artır bunu biz müşahidə edirik. Qalan hissəsinin isə idxal olunması məqsədəuyğundur çünki, əhali həmin ərzaq məhsullarına olan tələbatını idxalın hesabına tamamlamalıdır. Bütün bunlara görə hesab edirəm ki, tələb təklif arasında uğurlu əlaqənin təmin edilməməsi əlbəttə, mənfi təsir göstərə bilər. Çünki dövlətlərarası idxal-ixrac təmin edilməlidir və hansı bazarda hansı məhsula yer varsa, ora məhsul axıdılmalıdır. Bütün bunlara görə, bu inzibatçılığı düzgün hesab etmirəm”.