Güman olunur ki, real sektora ayrılan kreditlərin həcmində artımlar olacaq, Mərkəzi Bank çalışacaq ki, real sektora ayrılan vəsaitlərin həcmində artımlar olsun.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bank sektoru üçün söylədiyi fikirləri şərh edərkən bildirib.
İqtisadçı-alim Prezidentin bu çıxışının kredit faizlərinin ucuzlaşmasına ola biləcək təsirinə də toxundu:
“Çox təəssüf ki, kredit faizlərinin aşağı salınması Mərkəzi Bankın gündəliyinə daxil edilməyib”.
Vüqar Bayramovun sözlərinə görə, 2014-cü ildə kommersiya banklarının bütünlükdə kredit portfelində real sektora yönləndirilən vəsaitlərin həcmində artımlar olsa da belə, hələ də kommersiya bankları real sektoru maliyyələşdirilməsində həlledici rola malik deyillər:
“Kommersiya banklarının real sektoru maliyyələşdirməsinə ehtiyac var, çünki bu gün neftin qiymətinin aşağı düşməsi fonunda investisiya qoyuluşunda yaranan boşluq kommersiya bankları tərəfindən ödənilməlidir”.