Əlində müəyyən məbləğdə vəsaiti olanlar hazırki şəraitdə ondan qazanc götürməkdən çox, həmin vəsaiti necə qorumaq barədə düşünsələr yaxşıdır. Bu da baxır, vəsaitin həcminə.
Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov “Əlində müəyyən qədər məbləği olan şəxslərin hansı sahəyə investisiya etmələri sərfəlidir?” sualına cavab olaraq bildirdi.
Pərviz Heydərov daşınmaz əmlak və banklara depozit yerləşdirməyi sərfəli hesab edir və bunun səbəblərini açıqlayır:
“Hesab edirəm ki, banklarda depozit yatırımı, həmçinin daşınmaz əmlak alışı indilikdə ən məsləhətli variantdır... Birincisi ona görə ki, qorunan əmanətlərin faiz dərəcələri də artırıldı, ikincisi isə mənzil bazarında qiymət sarıdan bir durğunluq hökm sürür”.
“Daşınmaz əmlaka investisiya etmək sərfəli ola bilərmi?” sualına isə Ramil Osmanlı bu cür aydınlıq gətirdi:
“Ən optimal variant daşınmaz əmlak almaqdır. Daşınmaz əmlak ilə yanaşı, kənd təsərrüfatının inkişafı, sənaye sahələri və s. də sərfəli ola bilər, amma düşünürəm hər şey sahibkarın özünün professionallığından da asılıdır”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə fərqli düşünür:
“İnidiki situasiya hazırda yeni biznesə qədəm qoyanlar üçün uğurlu deyil. Söhbət vəsaitlərin mümkün qədər qorunması və dəyərləndirilməsindən gedirsə, Azərbaycan vətəndaşları dollar ilə vəsaitlərini saxlamağa üstünlük verməlidir. Uzunmüddətli dövrdə dolların daha da bahalaşacağını nəzərə alsaq, dollarla öz vəsaitlərini, əmanət şəklində təbii ki, etibarlı banklara yerləşdirmək kimi addım da ata bilər. Hal-hazırda baş verən devalvasiyadan sonra bankların vəziyyəti də yaxşı deyil. Məhz bu prizmadan yanaşdıqda depozitlərin yerləşdirilməsi zamanı bankların da vəziyyəti daha dərindən təhlil edilməlidir”- o deyir.
Mütəxəssisin sözlərinə görə, hal-hazırda bəzi banklar əmanətlər üzrə faiz dərəcəsini artırırlar, bu da reklam xarakteri daşıyır. Bu məqsədlə vətəndaşlar daha ehtiyatlı olmalı, belə vədlərə aldanmamlıdırlar:
“Vətəndaşlar bankların təşkil etdiyi reklam xarakterli informasiyalara aldanmamalıdır. Mümkün qədər vəsaitləri sığortalanan həcmdə 12%-dən yuxarı olmamaq şərti ilə 30 000 manata qədər dollarla depozitlər yerləşdirə bilərlər”.
Ekspertin sözlərinə görə, mənzil almaqdansa, torpaq almaq daha səmərəli ola bilər:
“Manatla ifadədə mənzillərin qiymətində cüzi artımlar ola bilər, amma dollarla ifadədə mənzillərin qiyməti kəskin ucuzlaşacaq. Əldə olan vəsaitlərə qısamüddətli deyil, uzunmüddətli perspektivdə yanaşdıqda bu zaman torpaq almaq daha məqsədəuyğundur. 2015-ci ildə ola bilsin ki, durğunluq torpaq bazarına da təsir göstərsin, hər halda iqtisadiyyatın inkişafı torpağın qiymətini yenidən bahalaşdıra bilər”- deyə, Rəşad Həsənov vurğulayır.
Ülviyyə R. Əli
www.oxu.az