2014-cü ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.
Oxu.Az xəbər verir ki, bunu DSMF-nin sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.
E.Mehdiyev Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sisteminin mövcud olduğunu və DSMF tərəfindən göstərilən elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb.
“Fondun mərkəzi məlumat bazasında 1 milyon 285 min nəfər pensiyaçı və 2 milyon 886 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır ki, bu da ölkə əhalisinin 43 faizindən çoxunu təşkil edir”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az