Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi ilə bağlı qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytının (www.agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdirilib.
İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək,eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1652) bildirməklə yaxud web@agro.gov.az elektron poçtuna ünvanlamaqla bizə yardımçı olmaları xahiş olunur.
Gülnarə Zeynalova
www.oxu.az