Rusiyanın yol vergisi ilə bağlı ölkə qanunveiciliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub.
Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib ki, nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şikətlərin bəziləri tətil elan edərək işi dayandırıb.
“Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhəddi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib”, - deyə komitədən qeyd edilib.
Komitə bildirib ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.
Xatırladaq ki, komitədən həmçinin onu da bildiriblər ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiyanın Federal Gömrük Xidmətinə müraciət edib.
Ülviyyə R. Əli
www.oxu.az