2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2015-ci ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana ixracın həcmi 53,5% (253,3 milyon dollar) azalaraq, 221 milyon dollar, yaxud ümumi ixracatın 12%-ni təşkil edib.
Oxu.Az “Sputnik Gruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti “Sakstat” (Qruzstat) məlumat yayıb.
2015-ci ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 58 milyon dollar dəyərində minik avtomobilləri ixrac olunub, bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 174,2 milyon dollar azdır.
Hesabat dövründə Azərbaycana 25 milyon dollarlıq müalicəvi vasitələr ixrac edilib, bu isə 2014-cü ilin yanvar-oktyabr ayı üçün olan göstəricidən 2,4 milyon dollar çoxdur.
Hesabat dövründə Gürcüstana Azərbaycandan idxalın həcmi də aşağı düşüb. 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana ixracatın həcmi 13% azalaraq, 443,2 milyon dollar, yaxud Gürcüstanın ümumi idxalatının 7%-ni təşkil edib.
Neft-qaz və təbii qazın idxalının həcmi hesabat dövrü üçün 1,2 milyon tondan, 251 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin müvafiq dövrü üçün olan göstəricidən 29 milyon dollar çoxdur.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 120 milyon dollarlıq, 237,5 min ton neft və neft məhsulu ixrac edilib ki, bu da ötən ilin uyğun dövründəkindən 81 milyon dollar azdır.
10 ay ərzində elektrik enerjisinin idxalı 7,1 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin yanvar-oktyabr ayları üçün olan göstəricidən 2,6 milyon dollar azdır.
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstanın ikinci ticarət tərəfdaşı olub.
Gürcüstanın Azərbaycan ilə xarici mal dövriyyəsi cari dövr üçün 664 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin müvafiq dövrü üçün olan göstəricidən 33% azdır. Azərbaycan ilə mal dövriyyəsi Gürcüstanın ümumi xarici mal dövriyyəsinin 8,2%-ni təşkil edir.