2015-ci ilin I yarısında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
ASA-nın məlumatına görə, şirkət yarım il ərzində 39,5 milyon manat sığorta haqqı toplayıb.
Bundan əlavə, sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 32,8 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 26,3 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (21,7 milyon manat) və “Azərsığorta” (19,5 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 58%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 140 milyon manat) düşür.
ASA qeyd edib ki, 5 sığorta şirkətinin qazancları daha aşağı olub:
“Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (900 min manat), “Başak İnam” (635 min manat), “Amrah Sığorta” (451 min manat), “Azərqarant” (136 min manat) və “Günay Sığorta” (46 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 2,17 milyon manat olub və ümumi sığorta yığımlarının 0,9%-ni təşkil edib”.
Qeyd edək ki, lisenziyası ötən ilin dekabrında dayandırılmış, ötən ay isə ləğv edilmiş “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.
Ülviyyə R. Əli
www.oxu.az