Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanan sığorta haqlarının 25,2%-i və ya 63,5 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 22,83 milyon manat və ya təxminən 56% böyüyüb.
“Həyat sığortası üzrə yığımların 51,6% və ya 32,8 milyon manatı həyatın yaşam sığortasının, 33%-i və ya 21 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15%-i və ya 9,5 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 239 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
2014-cü ilin ilk 7 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 4,8 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 6,2%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 2,3 milyon manat və ya təxminən 94% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 53,1%-i və ya 2,55 milyon manatı həyatın yaşam sığortasının, 36,2%-i və ya 1,74 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10,4%-i və ya 0,5 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb”, - məlumatda deyilir.
Qeyd edilir ki, hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 7,56 manat ödəniş həyata keçirilib.
Ötən ilin yanvar-iyul aylarında bu göstərici 6,07 manat olub.